`Muxtar respublika ilə bağlı təkliflər paketi hazırlanmalıdır` - Prezidentin çıxışına operativ şərh


17:11     18 Oktyabr 2016 elxan%20sah04.jpg

“Prezident İlham Əliyev Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı vacib fikir söyləyib: “Yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər””.


Femida.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu Prezident İlham Əliyevin Rusiyanın “Sputnik” agentliyinə müsahibəsini şərh edərkən deyib.

Elxan Şahinoğlu hesab edir ki, “muxtar respublika” ifadəsinin özündə konkret nələri ehtiva etdiyini özümüz üçün müəyyənləşdirməliyik. :

“Bu, rəsmi Bakının böyük güzəştidir. Əgər biz əvvəlki illərdə güzəşt kimi daha çox “yüksək statusa malik muxtariyyət” ifadəsi işlədirdiksə, indi bunun konkret adını deyirik: “Muxtar Respublika”. Muxtar Respublikanın özünün parlamenti, hökuməti, yerli polis qüvvələri və sairə atributları olur. Bir şərtlə ki, bütün bu strukturlarda Dağlıq Qarabağa qayıdan azərbaycanlılar da iştirak etsin. Çünki, məsələn Şuşanın özünün də yerli icra strukturları olmalıdır. Mənə elə gəlir ki, hakimiyyətin “Muxtar Respublika”nın statusuyla bağlı konkret sənəd hazırlaması və bunu müzakirə üçün həmsədrlərə təqdim etməsi lazımdır. Çünki çox zaman beynəlxalq vasitəçilər Azərbaycan tərəfini onda qınayırlar ki, “bizim təklifləri bəyənmirsiniz, ancaq özünüzünkü də yoxdur”. Ona görə də “muxtar respublika” ilə bağlı təkliflər paketi hazırlanmalıdır”.

Ekspert onu da əlavə etdi ki, prezidentin Qarabağla bağlı fikirlərinə ciddi reaksiya veriləcək:

“İlham Əliyevdən müsahibəni “Sputnik” agentliyinin rəhbəri, Rusiyanın dövlət kanalı olan RTR-də bazar günü yayınlanan analitik proqramın müəllifi və aparıcısı Dmitri Kilseyov götürüb. Kiselyov sıradan bir jurnalist deyil və açıq demək lazımdır ki, həmin kanalda qatı ermənipərəst mövqeyi ilə tanınan Vladimir Solovyovdan fərqli olaraq Azərbaycan əleyhinə mövqe ortaya qoymayıb. Böyük ehtimalla Kiselyovun Əliyevdən götürdüyü geniş müsahibə bu bazar günü RTR-də yayınlanacaq. Bu proqramı Rusiyanın geniş ictimaiyyəti ilə yanaşı qonşu ölkənin siyasi elitası və ekspert dairələri də izləyir. Bu baxımdan Ermənistan rəsmiləri İlham Əliyevin müsahibədə Qarabağla bağlı fikirlərinə reaksiya verəcəklər. Doğrusu, bu reaksiyanın neqativ olacağı indidən bəllidir. Ancaq fikrimcə, İlham Əliyevin rus agentliyinə verdiyi müsahibənin əsas hədəfi Ermənistan yox, məhz elə Rusiya hakimiyyətidir. Tatarıstan Rusiyanın tərkibində Muxtar Respublikadır. Bu respublika Rusiyanın ən varlı bölgələrindəndir. Demək, Kreml tərəfdaş adlandırdığı Azərbaycanda da Dağlıq Qarabağ Muxtar Respublikanın əleyhinə olmamalıdır. Ancaq bunu da bəyənməsələr və Ermənistan hakimiyyətinə anlatmasalar İlham Əliyevlə eyni gündə açıqlama verən Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədovun “Dağlıq Qarabağ münaqişəsinin dondurulmuş qalması hər an qaynar müharibəyə səbəb ola bilər” mesajını diqqətə almalı olacaqlar. Cənubi Qafqazda davamlı müharibə isə Rusiyanın maraqlarına cavab vermir”.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 2107


Oxşar xəbərlər